Qızılın rekord parıltısı | TƏHLİL

// Bu qiymətli metalın bahalaşmasının Azərbaycana xeyri və ziyanı nə ola bilər

   Qızılın rekord parıltısı    | TƏHLİL
  03 Noyabr 2024    Oxunub:526
Qızılın dünya bazar qiyməti 1 unsiya üçün 2700 ABŞ dollarını ötüb. Cari ilin dekabr fyuçersləri üzrə ortaya çıxan bu rəqəm gələn il 3000 dollara qədər yüksələ bilər. Yəni builki tarixi rekord gələn il təzələnsə, təəcüblənməyəcəyik. Qızıl niyə bahalaşır? Bunun ölkəmizə xeyri və zərəri nədir?
Qızıl qlobal iqtisadiyyatda daim real vəziyyətin göstəricisi sayılıb və sayılır. Bu metalın qiyməti həmişə dünya iqtisadiyyatında ortaya çıxan qeyri-müəyyənliklər və sabitliyin pozulması səbəbi ilə artıb və artacaq. Aparıcı valyutalara inam azalanda, maliyyə vasitələri üzrə risklər yüksələndə, investisiyaların icrası üçün şərait daralanda qızıl ən etibarlı yatırım vasitəsi hesab olunur.

Ümumiyyətlə, qızılın ucuz olması investorların sərbəst fəaliyyət göstərdiklərinə - ortada onlar üçün heç bir çəkindirici amilin mövcud olmadığına, bahalığı isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyətin hökm sürdüyünə işarə sayılır.

Son 4-5 il ərzində dünyada qeyri-müəyyənlik artdığından, qlobal iqtisadi sistemdə çatlar yarandığından, zəncirvari əlaqələr əhəmiyyətli dərəcədə qırıldığından qızıl yenə bahalaşır. Buna əvvəlcə 2020-ci ildə pandemiya yol açsa da, sonradan Rusiya-Ukrayna müharibəsi və nəhayət, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi zəmin yaradıb.

Ona görə də, görünən budur ki, proses davam edəcək. Yaxın gələcəkdə qlobal iqtisadi məkanda "suların durulacağı" gözlənilmir. Odur ki, sarı metalın qiymətində yeni rekordların qeydə alınacağı qaçılmaz sayılır.


Bu tendensiyanın ölkəmizdə də müşahidə ediləcəyi təbii qarşılanmalıdır. Qızıldan hazırlanan bütün məmulatlar getdikcə daha yüksək qiymətlərlə təklif olunacaq. Əhali bunlara olan tələbatını ödəməkdə çətinlik çəkəcək. Qeyd olunan məhsullar üzrə alış-veriş azalacaq. Nəticədə bu işlə məşğul olan sahibkarların ticarəti zəifləyəcək. Belə vəziyyətdə sərbəst vəsaitlərini qızıl məmulatları alıb yığmağa yönəldənlərin də sayı azalır.

Ölkə üçün qızılın bahalaşması iki istiqamətdə səmərə gətirə bilər. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli üzrə aktivlərinin bir hissəsi qızıl ilə saxlanılır. Bundan əlavə, Mərkəzi Bankın da qızıl ehtiyatı var.

Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklərə müvafiq olaraq ARDNF-nin ümumi investisiya portfelinin dəyərinin 15%-dək hissəsinin qızılla saxlanması tövsiyə edildiyi halda hazırda bu rəqəm 17,7%-ə çatdırılıb.

2024-cü il üzrə təsdiqlənmiş investisiya siyasətinə müvafiq olaraq ARDNF 2024-cü ilin 3-cü rübü üzrə 12,130 kq, 2024-cü ilin bütövlükdə ilk 9 ayı üzrəsə 27,060 kq qızıl alıb. Nəticədə, investisiya portfelini 1 oktyabr 2024-cü il tarixinə 127 ton qızıl həcminə çatdıraraq, 10 milyard 844 milyon 900 min ABŞ dolları məbləğində ehtiyata yiyələnib.

Bu, real şəraitə uyğun olaraq yaxşı düşünülmüş addımdır. Çünki, qızıl sığorta mənbəyidir, yatırım vasitəsidir. Qızıl istənilən aparıcı və sərbəst dönərli valyutaya çevrilə bilən qiymətli metaldır. Qızıl dəyər ölçüsüdür. Dünyada əsas aparıcı valyuta ABŞ dolları sayıldığından, onun dəyəri aşağı düşən kimi qızıl bahalaşır və alış-verişi sürətlənir.

Yeri gəlmişkən, ARDNF qızıl alışına ilk dəfə 25 qızıl külçə (10 000 troya unsiyası) olmaqla 2012-ci ilin fevralından başlayıb. Daha sonra 2018-2020-ci illərdə qiymət dəyişkənliyi riskini minimuma endirmək məqsədilə 30,18 ton (970 146 troya unsiyası) həcmində mərhələli investisiya həyata keçirilib. Sonra alışlar dayandırılıb, cari ilin əvvəlindəsə bərpa olunub. Qızıl ölkəmizə Böyük Britaniyanın “Brinks Qlobal Servisis” şirkəti tərəfindən gətirilib və ARDNF-in yeni inzibati binasında qiymətli ləvazimatların saxlanılması üçün nəzərdə tutulan müasir standartlara uyğun xəzinədə yerləşdirilıb.

Nə qədər ki investisya sahəsində qeyri-müəyyənlik davam edəcək, dünyada aparıcı valyutalar arasında rəqabət daha dərin xarakter daşıyacaq, neft və bir sıra digər strateji məhsullar üzrə qiymətlərdə volatillik azalmayacaq, qızıla "stavka" yeganə etibarlı və sığorta vasitəsi sayılacaq. Ancaq şübhəsiz ki, müəyyən limit çərçivəsində.


O ki qaldı qızılın bahalaşmasının ölkəmiz üçün ikinci istiqamətdə effekti və səmərəsinə, Azərbaycan özü bu qiymətli metal növünü həm hasil, həm də ixrac edir. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68,1 min unsiya qızıl, 119,8 min unsiya gümüş satmışıq ki, 2022-ci illə müqayisədə bilavasitə bu, qızıl satışı üzrə 7% artım deməkdir. Qeyd olunan ümumi satış həcmindən qızıl üzrə 62,1 min, gümüş üzrə isə 90,8 min unsiyası xaricdə realizə edilib.

Ümumiyyətlə, 2023-cü il ərzində xarici və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232,8 milyon manat məbləğində gəlir əldə edilib ki, bunun 210,1 milyon manatını ixrac, 22,7 milyon manatınısa daxili satış gəlirləri təşkil edib. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda isə 81% artıb. Bütövlükdə isə, 2017-2023-cü illər üzrə qızıl və gümüş satışı nəticəsində 1,19 milyard manat ümumi gəlir əldə edilib.

Son statistik məlumat bundan ibarətdir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1752.1 kq qızıl, 2308 kq gümüş istehsal edilib. Ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2% artıb, gümüş isə 23.8% azalıb. 2024-cü il oktyabr ayının 1-nə ölkəmizdə gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 663.5 kq və 302.3 kq təşkil edir.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qızıl  





Xəbər lenti